Tərcümə

четверг, 11 июня 2015 г.

ABŞ dolların bahalaşmasından ziyan çəkir

Amerika məhsulları və xidmətləri dünya bazarlarında problemlərlə üzləşməyə başlayıb

Dolların digər valyutalara nisbətən bahalaşması ABŞ iqtisadiyyatına mənfi təsirlər göstərir. Beynəlxalq analitiklər hesab edir ki, dolların bahalaşması Amerika ixracının zəifləməsinə, idxalın artmasına təkan verir. Buna səbəb isə valyutanın bahalaşması ilə əlaqədar ABŞ mallarının və xidmətlərinin dünya birjalarında rəqabətə davamlılığının zəifləməsidir. Əlbəttə, bundan ən böyük narazı olan təbəqə iş adamlarıdır. Onların istehsal etdikləri məhsullar baha başa gəldiyinə görə, dünya bazarında rəqabətə davam gətirə bilmir.   

Artıq dollar ətrafında yaranan gərginliyi ABŞ Prezidenti Barak Obama da dilə gətirib. Banker.az-ın yazdığına görə ABŞ  prezidenti dollar məzənnəsinin əsas dünya valyutalarına qarşı möhkəmlənməsi ilə bağlı narahatlığını bildirib.

Böyük yeddiliklərin (GT) sammitində çıxış edən Obama deyib ki, Yunanıstanla həll edilməmiş məsələlər də daxil olmaqla geoloji risklər maliyyə bazarlarında qeyri-sabitlik yaradır ki, bu da faiz dərəcələrinə təsir edir. Dolların güclənməsi isə problemi daha da böyüdür.

Qeyd edək ki , ABŞ-ın Mərkəzi Bankı (FED) 2013-cü ilin dekabrından etibarən dollar çapına məhdudiyyətlər qoyduqdan sonra sözügedən valyutanın dünya bazarında möhkəmlənməsi prosesinə start verib. O zaman FED bu qərarı iqtisadi inkişaf tempinin yüksəlməsi, işsizliyin aşağı düşməsi, inflyasiyanın azalması ilə əlaqələndirdi. Bundan sonra uçot dərəcələrini artıracağı ilə bağlı açıqlama versələr də, bu aya kimi qərarı ertələməli olublar. FED faiz artımına inlfyasiyanın aşağı - 2 faiz həddinə düşəcəyi təqdirdə gedəcəyini vurğuladı. Əgər 2017-ci ilə qədər inflyasiya proqnozuna dair hər hansı bir təhdid çıxmazsa, o zaman faiz artımına gedəcəyini qeyd edir. Analitiklər hesab edir ki, Çin və Avropa maliyyə bazarında nisbətən sabitləşmə yaranarsa, iqtisadiyyatda artım baş verərsə, o zaman ABŞ sentyabr ayında faiz dərəcələrini artıra bilər. Əks təqdirdə 2015-ci ildə bu prosesi gözləməyə dəyməz. 

Qeyd edək ki, dolların bahalaşması Azərbaycana da müəyyən təsirlər göstərməyə başlayıb. Belə ki, neftin qiymətinin aşağı düşməsi, digər tərəfdən dolların bahalaşması manatın devalvasiyasına gətirib çıxardı. İxracın 95 faizini neft və neft məhsulları təşkil etdiyinə görə "qara qızıl"ın, hətta yanvar -fevral aylarında 50 dollardan aşağı düşməsi gəlirlərimizi azaltdı. Bunun fonunda isə dolların bahalaşması manatın kursuna qarşı təzyiqləri artırdı. Nəticədə Azərbaycan Mərkəzi Bankı 34 faizlik devalvasiyaya gedərək, aktivlərin azalmasının qarşısını almağa çalışdı. 
Ekspertlərin fikrincə, bundan sonrakı proseslər, xüsusilə Azərbaycana təsirlər daha çox neftin qiymətinin necə dəyişməsindən asılıdır.

Комментариев нет:

Отправить комментарий